Hər işdə olduğu kimi, plastik pəncərələrin quraşdırılmasında çox sayda xırdalıqlar mövcuddur. Bir məqalədə onların hamısına nəzər salmaq mümkünsüzdür. Lakin plastik pəncərələrin yarım əsrdən artıq mövcudluq dövrü ərzində montajda buraxılan səhvlər haqqında geniş statistika tərtib olunub. Bu məqalədə biz daha geniş yayılan səhvlər haqqında, onların təhlükəsi və necə qarşısını almağın mümkünlüyündən söz açacağıq.
Sadələşdirilmiş, plastik pəncərənin quraşdırılması 3 mərhələdə baş verir:
- Pəncərə yerinin quraşdırılmaya hazırlanması.
- Pəncərə çərçivəsinin bərkidilməsi.
- Bəndlərin sıxlaşdırılması və qovşaqların hermetikləşdirilməsi, novalçaların quraşdırılması.
Daha sonra pəncərə altlıqlarının quraşdırılması, maili səthlərin yekun tərtibatı həyata keçirilir. Bu işləri təxirə salaraq otağın digər tamamlama işləri ilə yerinə yetirmək olar.
Üzücüdür, lakin çox zaman montajda səhvlər adi tələskənlik üzündən meydana gəlir. Montajçılar vacib texnoloji əməliyyatları sadəcə işi tez yekunlaşdırmaq məqsədi ilə yerinə yetirmirlər. Axı onlar məvacibi yalnız pəncərənin quraşdırılma faktına görə alırlar; problemlər yalnız yaxın və ya uzaq gələcəkdə üzə çıxacaqvə artıq onları narahat etməyəcək.
Buna görə də ev və ya mənzilin sahibindən daha çox heç kim pəncərənin düzgün quraşdırılmasında maraqlı deyil.
Bütün texnoloji əməliyyatlara dəqiq riayət edilməsi pəncərənin maksimal xidmət müddətini təmin edir. Səliqəsiz və/və ya səhv montaj pəncərənin istilik izolyasiya xüsusiyyətlərini əhəmiyyətli dərəcədə pisləşdirə və istismarda problemlər yarada bilər.
Pəncərə yerinin hazırlanması
Pəncərə yerinin hazırlanmasını keyfiyyətli özülün quraşdırılmasının labüdlüyü ilə müqayisə etmək olar. Nəticə zahirən, demək olar ki, sezilmir, amma bütün tikilinin uzunömürlülüyünə təsir göstərir.
Sıxlaşdırıcı materiallar funksiyalarını yaxşı yerinə yetirməsi üçün, pəncərə yerinin montaj bəndi sahəsindəki səthi düz və möhkəm olmalıdır.
Kələ-kötürlüklər (kərpic hörgüsünün bəndləri, qopuqlar və s.) tutulmalıdır. Köhnə pəncərənin sıxlaşdırıcı materiallarının qalıqları, tökülən malanı, toplanan küçə tozunu əsaslı surətdə təmizləmək, səthə astar çəkmək lazımdır.
Kələ-kötür və çirkli səthlərə hermetikləşdirici materiallar sadəcə yapışmayacaqlar; montaj köpüyü çox böyük oyuqları doldurmayacaq, tozlu səthlərə isə yapışmayacaq.
Pəncərə yerinin keyfiyyətsiz hazırlanması qışda quraşdırılma üçün tipikdir. Reklamda montajçılar qeyd edirlər ki, “pəncərə yeri montaj zamanı 10 dəqiqədən artıq açıq qalmır”, hərçənd bu zaman kəsiyində hətta çirki əsaslı surətdə təmizləmək də real deyil. Kələ-kötürlərin və oyuqların doldurulmasından isə adətən heç söhbət də getmir. Amma hər şey belə kədərli deyil. Hətta qışda pəncərə yerini qısa müddət ərzində kifayət qədər hazırlamaq mümkündür, amma bunun üçün, təbii ki, iqlimə uyğun materialların tətbiqi tələb olunacaq. Reallıqda, əgər pəncərə yeri köhnə pəncərələrin sökülməsindən sonrakı vəziyyətdədirsə, hazırlıq müddəti 30-40 dəqiqə, bəzən isə daha da çox təşkil edə bilər. Bu zaman otağın həddindən artıq soyumasından çəkinmək lazım deyil – adətən, bu baş vermir və pəncərənin quraşdırılmasından sonra otaq kifayət qədər tez zamanda lazım olan temperatura qədər istilənir.
Məsləhət:
Pəncərənin uzun müddət xidmət göstərməsini istəyirsinizsə, əvvəlcədən montajçılarla pəncərə yerinin pəncərənin quraşdırılması üçün necə hazırlanması barədə şərtləşin. Ən başlıcası isə, işin icrasını yalnız peşəkarlara həvalə edin.
Pəncərənin yerində təsbit edilməsi
Pəncərə yerinin hazırlanması ilə məsələ nisbətən aydındırsa, o zaman mütəxəssis olmayan şəxsə düzgün bərkidilmiş pəncərəni başdansovma görülən işdən fərqləndirmək çətin olacaq.
Prinsipial momentlərə riayət olunması labüddür::
- Çərçivə yerinə anker təbəqələrlə bərkidilməlidir.
- PVX-profili tam, xüsusən də aşağı qutunu deşmək tövsiyə edilmir. Bu, profilin daxili boşluğunun hermetikliyini pozur. Ora yağış suyu düşə bilər, bu isə korroziyaya və gücləndirici metal profilin dağılmasına səbəb olacaq.
- Anker təbəqələr çərçivənin daxili bucağından 150-180 mm məsafədə yerləşməlidir. Belə yerləşmədə PVX-profil temperatur dəyişikliyi zamanı bir qədər qatlana biləcək və çərçivənin bucaq birləşməsi partlamayacaq.
- Anker təbəqələrin ümumi sayı profilin ölçü növündən, onun rəngindən və pəncərənin qabaritlərindən asılıdır. Məsələn, dərinliyi 62 mm-dən artıq ağ profildən istifadə zamanı təbəqələr arasında interval 700 mm çox deyil, amma dərinliyi 62 mm-dən artıq olan rəngli profilin istifadəsi zamanı interval 500 mm-dən çox deyil.
Məsləhət:
Profilin bərkidilməsinə tələblər istehsalçının tövsiyələrində və DÜST-ün normalarında əks olunub. Montajçılar onları bilməlidirlər. Bu barədə onlardan soruşun.
Sıxlaşdırıma və hermetikləşdirmə
Pəncərə çərçivəsi ilə divar arasında məsafəni dolduran sıxlaşdırıcı materiallara çox fərqli tələblər irəli sürülür. Material yaxşı istilik izolyasiya xüsusiyyətlərinə malik, elastik olmalıdır ki, PVX-profil ətraf mühitin temperaturu dəyişdikdə enlənə bilsin, yağış suyunu buraxmamalıdır və günəş şüalarının təsiri altında dağılmamalıdır.
Pəncərənin ixtisaslaşdırılmış quraşdırılması məhz belə materialların tətbiqi ilə həyata keçirilir.
ƏSBL lenti
Abbreviatura “əvvəlcədən sıxılmış bərkidici lent” kimi oxunur. O, sıxlaşdırıcılar üçün ən yaxşı material olan poliuretandan hazırlanır. Qablaşdırıcını açdıqdan sonra materialın həcmi 400% çoxalır və onun tətbiqi də bununla əsaslanır.
Bir tərəfdən lent yapışdırıcı təbəqəyə malikdir və pəncərə çərçivəsinin perimetri boyu biləvasitə quraşdırılmadan öncə yapışdırılır. Enlənərək, çərçivə ilə binanın divarı arasındakı bəndin hermetikliyini təmin edir. Bu material üçün sıxılma dərəcəsinə (fərqli materiallar üçün çox fərqlidir və qablaşdırmanın üzərində göstərilir) riayət edilməsi kritik vacibdir.
Bu kifayət qədər spesifik materialdır. Lent qablaşdırıcıdan azad olan və çərçivə perimetrinə yapışdırılan kimi, enlənməyə başlayır. Çərçivəni yerinə quraşdırmaq, tənzimləmək və bərkitmək üçün montajçının cəmi bir neçə dəqiqəsi var. O bir qədər yubansa, enlənən lent sadəcə çərçivəni yerinə quraşdırmağa imkan verməyəcək.
Elə bu səbəbdən də aşağı ixtisaslı montajçılar çox zaman ƏSBL-dən sadəcə istifadə etmirlər. Bu isə çərçivə ilə divarın birləşməsinin hermetik olmamasına gətirib çıxarır. Oradan küçə tərəfə montaj köpüyü çıxa bilər ki, o da işıqda qısa zamanda dağılır. Yağış suyu konstruksiyanın içinə axır, divarı dağıdır və göbələk və kifin əmələ gəlməsinə zəmin yaradır.
Məsləhət:
Çərçivə ilə divar arasındakı birləşmənin küçə tərəfdən hermetik bağlandığına əmin olun. Məsələn, ƏSBL lentinin tətbiqi ilə.
Montaj köpüyü
Onun vasitəsi ilə pəncərə çərçivəsi ilə pəncərə yeri arasındakı sahə doldurulur. Bərkidikdən sonra köpük əlavə olaraq pəncərəni möhkəmləndirir.
Dükanların rəflərində montaj köpüyünün onlarla markası var; müxtəlif material növlərinin xüsusiyyətləri eyni deyil. Yaxşı köpük bərkidikdən sonra sıx və xırda məsaməli struktura malik olur. Köpüyün seçimini pəncərəni quraşdıracaq ustaya həvalə etmək daha yaxşıdır.
Ondan da vacib bəndin köpüklə düzgün doldurulmasıdır. Səthləri əvvəlcədən tozdan təmizləmək və nəmləndirmək lazımdır, çünki köpüyün normal işləməsi və keyfiyyətli nəticənin alınması üçün rütubətin mövcudluğu zəruridir.
Məsləhət:
Köpüyün növünün seçimini montajçıya həvalə etmək olar. Lakin siz köpüyü vurmazdan əvvəl səthlərin tozdan təmizlənməsinə və nəmləndirilməsinə nəzarət edə bilərsiniz.
Buxarizolyasiyalı lent
Montaj köpüyü əla istilik izolyasiyasıdır, lakin, təəssüf ki, onun xüsusiyyətlərini pisləşdirməyə qadir su buxarı üçün keçicidir.
Köpüyün otaq tərəfdən nəmlənməsinin qarşısını almaq üçün buxarizolyasiyalı lentdən istifadə olunur. Əvvəlcə o, pəncərə quraşdırılmazdan öncə çərçivənin perimetri boyu yapışdırılır.
Səliqəsiz montajçılar işi tez yekunlaşdırmağa can atırlar, buna görə də buxarizolyasiyalı lentdən istifadə etmirlər və montaj köpüyünün səthini heç cür qorumurlar. Hadisələrin xoşagəlməz axarı zamanı qorunmayan montaj köpüyü rütubət toplaya bilər, bu isə onun keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.
Məsləhət:
Qurumuş montaj köpüyünün səthinin otaq tərəfdən buxarizolyasiyalı lentlə qorunmasına nəzarət edin.
Daha nəyə diqqət yetirilməlidir
Adətən novalçaları pəncərənin quraşdırılması ilə eyni vaxtda bərkidirlər.
Novalça elə quraşdırılmalıdır ki, yağış suyunun onun altına axmasını istisna etsin. hermetiklik novalçanın divarın formasına dəqiq uyğunlaşdırılması və düzgün konstruktiv seçimlə təmin edilsə, daha yaxşıdır. Lakin ehtiyac yarandıqda əlavə olaraq hermetiklərdən istifadə etmək olar. Novalça enlidirsə, perimetr boyu bir neçə yerdə bərkidilməlidir, əks halda küləyin təsiri ilə guruldayacaq. Yağışın səsinin azaldılması üçün novalçanın alt tərəfində səsboğucu materiallardan istifadə edirlər və ya onun altındakı sahə sadəcə montaj köpüyü ilə doldurulur.
Pəncərə altlqılarının və maili səthlərin quraşdırılması pəncərənin quraşdırılması ilə eyni vaxtda həyata keçirilə bilər, lakin bunu sonra da etmək olar. Bu detallar otağın daxilində yerləşdiklərinə görə, onların montajındakı səhvlər pəncərənin uzunömürlülüyünə az təhlükə yaradır.
Xülasə
Masaya dadlı və doyumlu yemək vermək üçün yaxşı ərzağa malik olmaq kifayət deyil. Onları düzgün hazırlamağı bacarmaq lazımdır.
Eyni ilə yaxşı pəncərələr öz-özlüyündə tələb olunan nəticəyə - sahibinə əziyyət verməyən isti və rahat evə təminat vermirlər. Düzgün montaj PVX-profildən olan pəncərələrin bütün üstünlüklərindən istifadə etməyə zəmin yaradacaq, səliqəsiz və keyfiyyətsiz isə ən gözəl pəncərələri sözün əsl mənasında zay edəcək və gələcəkdə problemlər yaradacaq.
Bu məqalədə verilən tövsiyələr sizə montaj zamanı ən çox buraxılan səhvlərdən qurtulmağa yardım edəcək. Onlar montajı özünüz yerinə yetirmək niyyətində olduğunuz və ya montajçıların səriştəsini hələ işlərə başlamazdan öncə yoxlamaq istədiyiniz təqdirdə faydalı olacaqlar.